ebook img

XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı. Ali məktəb tələbələri üçün dərs vəsaiti. PDF

395 Pages·2012·3.25 MB·Turkish
by  
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı. Ali məktəb tələbələri üçün dərs vəsaiti.

AFAQ YUSİFLİ İSHAQLI XVII ƏSR QƏRBİ AVROPA ƏDƏBİYYATI Ali məktəb tələbələri üçün dərs vəsaiti Azərbaycan Respublikası Təhsil nazirinin 16 may 2012-ci il tarixli 837 saylı əmri ilə nəşr olunur. BAKI – 2012 Afaq Yusifli İshaqlı Elmi redaktor: Əlyar Səfərli AMEA-nın müxbir üzvü Rəyçi: Nəzakət Əliyeva filologiya üzrə fəlsəfə doktoru Afaq Yusifli İshaqlı. XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı. 481 səh. Qərbi Avropa ölkələri ədəbiyyatının müxtəlif dövrləri, ədəbi hadisələri və şəxsiyyətləri haqqında Azərbaycanda müxtəlif xarakterli bir sıra əsərlər yazılıb çap edildiyi halda XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı haqqında sistemli məlumat verən heç bir əsər yoxdur. Müəllif bu cəhəti nəzərə alıb XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı haqqında sistemli, ardıcıl və yığcam məlumat verən bir kitab hazırlamışdır. Kitabda italyan, alman, ingilis, ispan və fransız ədəbiyyatlarından əsas hadisə və şəxsiyyətləri gözdən keçirilmiş, bu və ya başqa bir ədəbi hadisənin ictimai, tarixi kökləri araşdırılmışdır. Əsrin Lope de Veqa, Molyer, Kornel, Rasin, Milton, Kalderon və başqa nümayəndələri barədə ayrıca oçerklər verilmişdir. Kitab yazılarkən müəllif rus dilində olan ədəbiyyatdan bəhrələnmiş, xarici ölkələr ədəbiyyatı üzrə apardığı mühazirələrdən istifadə etmişdir. Kitab ali məktəb müəllimləri, tələbələr və Qərbi Avropa ölkələri ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  Afaq Yusifli İshaqlı, 2012 2 XVII əsr Qərbi Avropa ədəbiyyatı XVII YÜZİLLİYİN QƏRBİ AVROPA ÖLKƏLƏRİ ƏDƏBİYYATI İstər tarixşünaslıqda, istərsə də ədəbiyyatşünaslıqda XVII əsr Qərbi Avropa xalqlarının tarixində keçid dövrü kimi səciyyələnir. Bir tərəfdən İntibahla, digər tərəfdən Maarifçiliklə bağlı olan, onların hər ikisi ilə müxtəlif şəkildə bağlanan XVII əsr mahiyyət etibarilə bu dövrlərin heç biriylə eyniləşmir, tam doğmalaşmır. Onu İntibah və Maarifçiliklə birləşdirən cizgilər ayıran keyfiyyətlərdən daha azdır. İntibah və Maarifçiliyə nisbətən XVII əsr daha mürəkkəb daxili ziddiyyətlərə malikdir. İntibah dövrünə nisbətən XVII əsrdə qabaqcıl sosial-siyasi qüvvələrin mübarizəsi daha yüksək ictimai inkişaf sayəsində aparılır. Eyni zamanda mühafizəkar, mürtəce qüvvələrin də çox güclü tərzdə fəallaşması müşahidə olunur. Tarixin irəliyə doğru hərəkətini dayandırmaq feodal dünyasının parçalanmasının qarşısı almaq üçün çox ciddi addımlar atılır. Bu addımlar bəzi hallarda uğurla nəticələnir. Bu əsrin mürəkkəbliyi, ziddiyyətlərinin kəskinliyi birinci növbədə buradan irəli gəlir. XVII əsri İntibah və Maarifçilikdən fərqləndirən mü- hüm əlamətlərdən biri onun keçid, ara, orta mərhələ təşkil etməsidir. Daha doğrusu, təzə-təzə təşəkkül tapan, get-gedə qüvvətlənən burjua münasibətlərinin təzyiqi altında feodalizmin tədricən süquta uğraması prosesində ara mərhələ olmasıdır. İntibah dövrü bu hərəkatın başlanğıc, Maarifçilik isə yekun mərhələsidirsə, XVII əsr irəliyə doğru hərəkət zəncirində orta həlqəni təşkil edir. Artıq XVII əsrdə iki sosial-iqtisadi sistemin toq- 3 Afaq Yusifli İshaqlı quşması nəticəsində Niderlandiya və İngiltərədə yeni burjua dövlətinin ilk nümunələri meydana gəldi. Yeni iqtisadi sistemin oyanmaqda olan qüvvələrindən ilk zərbələr alan, müvazinətini itirən feodalizmi tamamilə məhv etmək üçün bir əsrlik vaxt lazım idi. XVII əsrin ədəbiyyatını öyrənərkən o vaxt Qərbi Avropa ölkələrində baş verən tarixi döyüşləri mütləq nəzərə almaq lazımdır. XVII əsr ədəbiyyatı və bütünlükdə dövrün əqli hərəkatını İntibah dövrünün nailiyyətlərini nəzərə almadan düzgün başa düşmək və qiymətləndirmək çətindir. Çünki bu dövrün bütün ən mühüm hadisələri bu və ya başqa şəkildə özündən əvvəlki tarixi mərhələnin axtarışları, kəşfləri, mübarizələri ilə bağlıdır. İntibah mərhələsinin nəhəng kəşfləri xalqların şüurunu yerindən oynatdı, orta əsrlər gerçəkliyinin ənənəvi həyat normalarını sarsıtdı. Müasir materializmin banisi, ingilis filosofu Frensis Bekon məhz bu cəhətə işarə edərək yazmışdır: "Kitab çapı, barıtın və kompasın kəşfi insan münasibətlərinə elə bir təsir göstərdi ki, heç bir hakimiyyət, heç bir təriqət, heç bir ulduz belə bir təsirə malik olmamışdır". XV əsrin sonlarında Amerikanın kəşfi, Kopernikin heliosentrik sisteminin meydana çıxması, antik mədəniyyətin dirçəlməsi insanların təsəvvürlərini alt-üst etdi, yerin coğrafi quruluşu haqqındakı fikirlər dəyişdi, insanlar kainata başqa cür yanaşmağa başladılar, humanist alimlərin antik mədəniyyəti dirçəltmələri bəşər tarixinə baxışda inqilab yaratdı, xristianlıq ideologiyasına əsaslanan orta əsr dünyagörüşünün saxtalığını, əsl mahiyyətini üzə çıxartdı. Burjuaziyanın ictimai həyatda mövqeyi gücləndikcə, qüvvətləndikcə ticarəti, daxili iqtisadi inkişafı, ordunun silahlandırılması və dənizçilik işini öz əlinə aldı. O, elmlərin və materialist dünyagörüşünün praktik əhəmiyyətini başa düşdüyündən yeni elmi axtarışlara tərəfdar çıxdı. İnkişaf 4 XVII əsr Qərbi Avropa ədəbiyyatı etməkdə olan yeni istehsal qüvvələri elmdən yeni-yeni axtarışlar, tapıntılar, ixtiralar, kəşflər tələb etdi. Azad əmək bazarına və hər cür qayda-qanundan, məhdudlaşdırmalardan azad bazara maraqlı olan burjuaziya bərabərlik, milli quruculuq haqqındakı humanist ideyaları müdafiə etdi, ölkənin ərazi, mədəniyyət və dil birliyi, məhəlləçilikdən azad olması meyllərinə tərəfdar çıxdı. Hələ təzə həyata atılan burjuaziyanın ideoloqları olan İntibah dövrünün xadimləri bəşəriyyətin gələcəyi üçün yol açırdılar. Bir cəhəti nəzərə almaq lazımdır ki, İntibah dövrünün idealları, qayə və məqsədləri burjuaziyanın sinfi vəzifələrinin çərçivəsinə sığınmışdı, ondan çox-çox geniş və yüksək idi. Lakin həmin tarixi mərhələdə onlar, hər şeydən əvvəl, burjuaziya ilə, burjuaziyanın qarşısında duran praktik məqsədlərlə əlaqəli idi. Burjuaziyanın simasında güclü mərkəzləşmiş kral hakimiyyətinə əlverişli tərəfdar tapan Avropa hökmdarları XVII əsrdə elm və incəsənətin inkişafına qayğı göstərir, sənətkarları əzizləyir, onlara vəzifələr, rütbələr, mükafatlar verir, kilsəyə qarşı cəsarətli hücumlarına göz yumurlar. Yeni ideologiyada, yeni baxışlarda necə bir odun, alovun gizləndiyini axıra qədər başa düşməyən ən yüksək kilsə xadimləri də, hətta katolikliyin beşiyi olan Roma da ümumi rəyin, dəbin təsiri altına düşür. Papa X Lev özü ətrafına alimlər, rəssamlar, heykəltəraşlar toplayır, İsa haqqındakı əfsanələrlə bağlı atmacalar söyləyir. Onu da qeyd edək ki, burjuaziyanın feodalizm əleyhinə mübarizəsi bir sıra ölkələrdə kilsə islahatı uğrunda mübarizə şəklini alır. Məhz bu mübarizələrin nəticəsində bir çox ölkələr, o cümlədən İngiltərə, Niderland, Skandinav ölkələri, Cenevrə, alman knyazlıqlarının bəziləri katolik Romasının nüfuz dairəsindən çıxaraq onda bir gəlir vergisi verməkdən imtina etdi. Fransada dini təriqətlər ucbatından 5 Afaq Yusifli İshaqlı qanlı döyüşlər baş verdi. İnqilabi tufan az qaldı ki, feodalizmi silib atsın, əsrlər ərzində formalaşan sosial hüquqi sistemi darmadağın etsin. Necə bir odla oynadıqlarını ancaq indi başa düşən Roma papası və bütün Avropa mütləq hakimləri yeni baxışlara və görüşlərə qarşı qəti hücuma keçdilər. Elm, ədəbiyyat və incəsənət nümayəndələrinə qarşı onların əvvəlki münasibətlərindən əsər-əlamət qalmadı. Nəzakətli, maarifpərvər bir hökmdar kimi tanınan, "ədəbiyyatın atası" sayılan fransız kralı I Fransisk yeni fikrə qarşı hücumun ilk cərgələrində dayandı. Feodal-katolik irticası tonqallar və dar ağacları vasitəsilə tarixin irəliyə hərəkətinin qarşısını almağa çalışdı. Bu irticanın ən mühüm təzahürlərindən biri inkvi- zisiya (latıncadır, axtarış, istintaq deməkdir) ali məhkəmə- sinin yaranması idi. İnkvizisiya sonralar III Pavel adı ilə papa olan kardinal Karaffanın təşəbbüsü ilə 1542-ci ildə Romada təşkil edilmişdir. 1559-cu ildə konqerqasiya adı ilə Roma papasının müəyyən məsələlərə baxan xüsusi bir idarəsi yaranır. Ağıllar, şüurlar üzərində nəzarəti həyata keçirmək və qadağan olunmuş kitabların siyahısını – indeksini tərtib etmək bu idarəyə həvalə olunur. Bu siyahıya, gözlənildiyi kimi, xristian dininin ruhuna və hər cür formal xüsusiyyətinə zidd olan çap kitabları daxil edilirdi. Bu siyahıya ayrı-ayrı əsərlərin daxil edilməsi işi indi də davam etdirilir. Həmin "indeks"də Volter, Didro, Hüqo kimi ən məşhur sənətkarların adlarına rast gəlmək olar. Trident şəhə- rində çağırılan ümumdünya kilsə məclisi papanın günahsız olduğunu etiraf etməklə ona qeyri-məhdud hakimiyyət verdi. İspan rahibi İqnat Loyola tərəfindən Yezuit Ordenini 1540-cı ildə papa III Pavel rəsmi şəkildə təsdiq etdi. Yezuitlər təşkilatı XVII-XVIII əsrlərin Avropa həyatında dərin izlər buraxdılar. Tərbiyə işinə nəzarəti ələ alıb xüsusi 6 XVII əsr Qərbi Avropa ədəbiyyatı məktəblər açdılar. XVII və XVIII əsrlərin bir çox böyük sənətkarları yezuit kollecində oxumuşdur. Yezuitlər belə hesab edirdilər ki, özünü allaha həsr etmək istəyən hər bir kəs iradəsindən əlavə ağlını da ona verməlidir. Feodal katolik irticası öz tədbir və hücumları ilə İntibah dövrünün əsas nailiyyətlərini məhv edə bilməsə də, tarixi inkişaf sürətini xeyli ləngitdi, qabaqcıl ideallar uğrunda mübarizə aparan ziyalılar arasında narahatlıq saldı, feodalizmin qəti tarmar edilməsi vaxtını uzatdı, güclü hücum qarşısında qalan feodal zadəgan sinfinə bir müddət nəfəs almaq, özünə gəlmək imkanı verdi. İrtica qüvvələri öz hərəkətləri, təqibləri, inkvizisiya tonqalları ilə insanların şüurunda fəci bir ikitirəlik, parçalanma, ideya düşkünlüyü əmələ gətirdi. Bəşəriyyətin yetişdirdiyi bir çox ağıl, kamal dahilərini cismən məhv etdiyi kimi, bir çox iradəcə zəif olanları da doğru yoldan uzaqlaşdırdı. Qərbi Avropada katolik irticasının təsiri ilə şüurlarda əmələ gələn dəyişmələri göstərmək üçün XVI əsrin görkəmli italyan şairi Torkvato Tassonun taleyini xatırlamaq kifayətdir. Katolik irticasının güclü təsiri altında Tasso antik mədəniyyətdən, İntibah dünyagörüşündən əl çəkir, katolik dininin norma və tələblərinə baş əyir. O, hətta yeni xristian eposu yaratmaq müddəasını irəli sürür. "Həqiqətəuyğunluq və möcüzə, demək olar ki, həmişə bir-birinə əksdir. Halbuki bu xüsusiyyətlər qəhrəmanlıq poemasının ən zəruri şərt- ləridir. Şairlik sənəti ondan ibarətdir ki, onları birləşdirsin. Xristian şair buna ancaq o vaxt nail ola bilər ki, belə möcüzəli hərəkətləri allaha, onun mələklərinə, müqəd- dəslərinə, yaxud fövqəltəbii qüvvə bəxş olunanlara, yəni iblislərə, cadugərlərə və pərilərə aid etsin. Həqiqətəuyğunluq isə burada ona görə mümkündür ki, biz beşikdən başlayaraq bu sayaq möcüzələr haqqında söhbətlər eşidirik. Beləliklə, yeni epik poema ancaq ya xristianlıq, Avropa məzmununa 7 Afaq Yusifli İshaqlı malik olmalıdır". Tassonun bu mülahizələrində katolik irticasının təsiri aydınca hiss olunur. Gördüyümüz kimi, Tasso özü başa düşür ki, möcüzə və həqiqətəuyğunluq bir-birini rədd edən keyfiyyətlərdir. Lakin katolik irticasının təzyiqi altında İntibah dövrünün sağlam insani dünyagörüşündən geri çəkilən şair bu birləşməz keyfiyyətləri birləşdirməyə ümid edir, görünür, daha çox insanların dini hisslərinə arxalanır. Məhz şüur və baxışlarda əmələ gələn bu cür parçalanma və ziddiyyətlər bir sıra Qərbi Avropa ölkələrinin incəsənətində barokko adlandırılan üslubi cərəyanın meydana gəlməsinə səbəb oldu. Bu üslubi cərəyanın daxili mahiyyəti şən, nikbin İntibah dünyagörüşü ilə yenidən bərpa edilən kədərli, bədbin, tərki-dünya orta əsrlər xristian baxışları arasındakı ziddiyyətlərlə şərtlənir. İnsanların şüur və hislərini feodal katolik irticası orta əsr xristianlığına, tərki-dünyalıq, həyatdan küskünlük əhval-ruhiyyəsinə doğru çəkirsə, İntibah onu sevincə, şadlığa, təbiətə, həqiqətəuyğunluğa doğru meylləndirir. İnsan qaranlıqla işıq, elmi dünyagörüşlə dini xurafat arasında sərgərdan qalır. Bu baxımdan Tassonun "Azad edilmiş Yerusəlim" poeması diqqəti daha çox cəlb edir. Şair əsərində daim bir- birilə düşmən və barışmaz olan həzz ideyası ilə xristian asketizmi ideyasını birləşdirməyə, barışdırmağa can atır. Poemada Yerusəlim (Beytülmüqəddəs, Qüds) di- varları qarşısında dayanan xristian cəngavərlərinin qəhrə- manlığından söhbət açılır. Bulonlu Qotfrid onların sərkərdəsidir. Müəllifin fikrinə görə, o, xristian idealları uğrunda vuruşan bir sərkərdə kimi oxucunun diqqətini daha çox cəlb etməli, onun idealına çevrilməlidir. Türklərin Avropada yerləşməsi və İtaliya dəniz ticarətinin Şərqə yolunu bağlaması baxımından poemanın mövzusu aktual səslənirdi. Poema italyanlara qəhrəmanlıq ruhu aşılayıb, 8 XVII əsr Qərbi Avropa ədəbiyyatı onları türklərə qarşı ümumxalq mübarizəsinə ilhamlandırmalı idi. Digər tərəfdən poemada təsvir edilən xristianlarla kafirlərin döyüşü müasirlərin şüurunda katoliklərin islahatçılığa qarşı mübarizəsi ilə səsləşirdi. Göründüyü kimi, Tassonun səlib yürüşlərini və xristian cəngavərlərini tərənnüm etməsi tamamilə aktual, müasir səciyyə daşıyırdı. Tasso poemasının əsas süjetinə bir sıra aşiqanə epizodlar da artırmışdır. Olind və Sofroniya, Tankred və Erminiya, Armida və Rinaldo epizodları buna misal ola bilər. Poemanın XVI nəğməsində cadugər Armidanın tilsimli bağları, onun öz sehrli kəməri ilə cəngavər Rinaldonu sehrləməsi təsvir olunur. Armida surəti Tasso tərəfindən böyük məharətlə yaradılmış, epizodik səciyyə daşımasına baxmayaraq əsas qəhrəmanı kölgədə qoymuşdur. Poemada o, tədricən xristianlığa nifrət edən, onları məhv etməyə çalışan cadugərdən adi bir qadına çevrilir. Rinaldoya bəslədiyi məhəbbət ona qalib gəlir. Rinaldo Armidanı dərin ehtiraslı bir məhəbbətlə sevsə də, allaha xidmət xatirinə dünyəvi sevgidən əl çəkir, Armidanın sehrli bağından uzaqlaşır. Rinaldo xristian dini qarşısında borcunu yerinə yetirib Armidadan ayrılsa da, onu unuda bilmir, Armida da özünü məcbur edə bilmir ki, Rinaldoya nifrət bəsləsin. Qəhrəmanların səhrada axırıncı görüşü, özünü zəhərli oxla öldürmək istəyən Armidanın qarşısında Rinaldonun həqiqəti etiraf etməsi, onun cəngavəri və qulu olduğunu bildirib xristianlığı qəbul etmək üçün ona yalvarması Tassonun baxışlarındakı ideya ziddiyyətlərindən xəbər verir. Xristian asketizmi, tərkidünyalığı ilə bütpərəst hissiyyatlığının, həyatsevərliyinin toqquşmasında faktiki olaraq hiss və ehtiras qələbə çalır. Tassonun bütün cəhdlərinə baxmayaraq onun poemasında xristian ideallarının qələbəsi 9 Afaq Yusifli İshaqlı təsdiq edilmir. Tasso özü də başa düşür ki, birləşməz, yovuşmaz ünsürləri birləşdirmək, qovuşdurmaq mümkün olmamışdır. Ona görə də, qəfəsdə quş kimi çırpınır, gah onu Romaya aparıb mütəxəssislərin müzakirəsinə verir, gah özünü bidətdə təqsirləndirərək könüllü şəkildə inkvizisiya məhkəməsinin mühakiməsinə təqdim edir. İnkvizisiya məhkəməsi ona bəraət qazandırsa da, şairin şübhələri dağılmır, poemanı yenidən işləməmiş çap etmək istəmir. Tasso gah istəyir ki, poemada dünyəvi, həqiqətəuyğun nə varsa məhv etsin, gah da allahı unudur, məhəbbətə və gözəlliyə həsr edilmiş səhifələr üzərində göz yaşı tökür. Bu dövrdə Qərbi Avropanın hər yerində eyni vəziyyət hökm sürürdü. İspaniyada katolik şair Kalderon bir sıra əsərlərində, o cümlədən "Ölümdən sonra sevgi" dramında dünyəvi insan məhəbbətinə heyranedici bir himn yaradır. İngilis şairi Con Donnun şeirlərində dini mistika ilə cismani sevginin tərənnümü bir-birinə qarışır. Feodal sistemin başlanan böhranı ilə əlaqədar Qərbi Avropa ölkələrinin ədəbiyyat və incəsətində barokko cərəyanı formalaşır. Tarixdə həmişə olduğu kimi, aparıcı mövqeyini itirən siniflər özlərinin xəstə, cılız həyat fəlsəfəsini işləyib hazırlayırlar. Ölən siniflərin bədbin, ümidsiz əhval-ruhiyyəsi xüsusi estetik formalara bürünür. Vahiməli və dəhşətli mənzərələr şair və rəssamları daha çox cəlb edir. İntibah dövrü humanistlərinin dinə şübhə ilə yanaşan görüşlərinin yerini dini vəcd və çılğınlıq tutmağa başlayır. Allah özü də qəddar, amansız bir qüvvəyə çevrilir. İnsanın ilahinin qorxunc qüdrəti qarşısında acizliyi, miskinliyi mövzusu barokkonun ən sevimli mövzusu olur. Xüsusi forma şikəstliyi, hiss və duyğulardakı sınıqlıq, parçalanma, bir-birini rədd edən uyğunsuzluqlar ölən bir 10

Description:
ədəbiyyatı haqqında sistemli məlumat verən heç bir əsər yoxdur. Müəllif bu cəhəti nəzərə alıb XVII əsr Qərbi Avropa ölkələri ədəbiyyatı haqqında.
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.