ANA R Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson Azərbaycan Əməliyyat Şirkəti, MMM EksonMobilin törəmə şirkəti tərəfindən maliyyələşdirilmişdir Bakı — 2006 Redaktor: Arif Əmrahoğlu Rəssam: Azər ANAR. Əsərlər. VI cild, Nurlan, Bakı, 2006, 626 səh. Müəllif bu cildlərin nəşrinə vəsait ayırmış Ekson Azərbaycan Əməliyyat Şirkətinə, MMM EksonMobilin törəmə şirkətinə dərin minnətdarlığını bildirir 2 TORPAQ, DƏNİZ, OD, SƏMA (kinopoema) Qayalar əcaib heykəllərdir. Vaxtın yonduğu, küləyin döydüyü, dənizin gəmirdiyi heykəllər. Bu qaya "Sfinks" heykəlinə oxşayır. Bu qaya "yumruğa" bənzər. Lay-lay "Qatdama" qayalar. Sütun qaya. Bütöv qaya. Parçalanmış qaya. Çopur qaya. Hamar qaya. Şahə qalxmış qaya. Yatmış qaya. Bu məşhur Qobustan qayalarıdır. Ekranda səmanın və torpağın fonunda gah ayrı-ayrı qayaları, gah da bu qayaların üstündə çəkilmiş rəsmləri görürük, biçinçi, ov səhnələri, şah-budaq buynuzlu maral, nizəli atlılar, qədim qurban bayramı, yallı rəqsi, qayıqda avar çəkənlər və s. Bu rəsmlər bütün ekranı tutur. Torpaq, səma, qayaların konturlarını görmürük. Məlum olduğu kimi, Qobustan qayalığında "Oxuyan daş" vardır. Yuxarıda təsvir olunan kadrların musiqi müşayiəti də yalnız bu "Oxuyan daşın" səsi olmalıdır. Bu kadrlar filmin proloqudur. Odur ki, onların ruhu, ahəngi, ritmi, səs müşayiəti, bir sözlə hər şeyi filmin əsas ideyasını-insan əməyinin, mübarizəsinin, gözəlliyinin və ölməzliyinin tərənnümü ideyasını təyin etməlidir. Kamera yavaş-yavaş panorama edərək bizi Qobustan qayalarından bir qədər aralı yerləşən kiçik bir kəndə aparır. Torpaq fonunda ekranda yazı görünür. Torpaq boyu1 Susayıb yanan Abşeron torpağı. Abşeron kəndi. Baxdıqca bax, dörd həndəvərdə ağac, kölgəlik adına bir şey tapmazsan. Alçaq üzüm 1 “Boy” sözü burada “Dədə Qorqud dastanındakı mənada qol, hissə, fəil mənasında işlənmişdir. 3 meynələri elə bil qızmar günəşdən çəkinə-çəkinə torpağa qısılıblar. Meynələrin yarpaqlarıda bozumtul kül rəngindədir. Bir mərtəbəli evlər, kələ-kötür nahamvar daşlardan quraşdırılmış alçaq hasarlar. Hasarların ensiz kölgəsində "küçənin" hər iki tərəfində daşlara söykənib oturmuş adamlar. Bardaş qurmuş, çömbəlib oturmuş, yarı uzanmış kişilər papaqlarını lap gözlərinin üstünə basıblar. Hərəkətsizdirlər. Danışmırlar. Bilinmir, oyaqdırlar, ya mürgü vururlar. Hər şey, hər yan, hamı — yol da, hasarlar da, evlər də, meyvələr də, adamların geyimi də, torpaq da və hətta səma da vahid rəng qammasındadır — əhəng rəngli və bozumtul kül rəngli papaqları olan rəng qammasında. Bu qammaya kontrast təşkil edərək, dal planda qara çarşablara bürünmüş iki qadın keçir. Ekran tam bir sükuta, səssizliyə qərq olub. Bu səssizlikdə kamera ağır-ağır kəndi seyr edir (panorama) — küçələr, adamların üzləri hərəkətsiz, bürkülü, yarımyuxulu bir aləm. Sonra uzaqdan gələn bir səsi eşitməyə başlayırıq. Bu səs araba cırıltısıdır. Səs get-gedə artır və nəhayət, kənd yolunun lap başlanğıcında, uzaq dal planda, kadra araba daxil olur. Araba yaxınlaşır. İndi biz arabanı da görmürük. Bu qoca kişinin üzü qırış-qırışdır, ağ saqqalı, qara papağı var. Vaxtaşırı tatarını qaldırıb eşşəyi vurur. —He… he… hoşşa, hoşşa. Arabanın içində on dənə nazik, körpə alma günəşibi (qələməsi) var. Arabanın təkərləri toz-palçıq içindədir. Qoca yorğun və əzgindir, eşşək də lap əldən düşüb, arabanı güclə çəkir. Belə görünür ki, uzaq səfərdən gəlirlər. Araba kəndə daxil olur, kəndin əsas küçəsilə keçir. Divar kölgələrində mürgü vuran qocalar, kişilər tənbəl-tənbəl başlarını qaldırır, biganə nəzərlərlə qocaya baxır, onu tanıdıqda laqeyd salamlaşırlar. Araba yanlarından keçəndən sonra kişilər yenə papaqlarını gözlərinin üstünə basıb əvvəlki vəziyyətlərini alırlar. Tin başında iki kişi. Biri daşın üstünə çömbəlib, təsbeh çevirir. İkincisi qəlyan çəkir. Təsbehli kişi arabadakı qocaya müraciətlə: —Xoş gördük, Kərim. Deyəsən səfərin uzaq olub? Kərim baba ona baxır, sonra yavaş-yavaş başını çevirir və üfüqə 4 tərəf baxır. —Bəli. Uzaqdan gəlirəm. Günəşibləri göstərir. Qəlyanlı kişi arabanın ardınca baxır. —Kişi qoca yaşında yamanca xərifləyib. Dünyanın o başına gedib ki, nə var alma gətirib əkəcək. Ay pir olmuş, denən bu qərib susuz torpaqda ağac bitər? Təsbehli kişi. —Eh, torpaq torpaq olsaydı, ata-babalarımız əkmişdilər də… Bizdən axmaq olmayıblar ki… Qəlyanlı kişi uzaqlaşan arabanın ardınca baxıb başını bulayır. ...Quyu başında. Müxtəlif biçimli, müxtəlif tutumlu bom-boş, qupquru vedrələr, qablar sıraya düzülüb. Qadınlar və uşaqlar da quyu başında növbəyə durublar. Gülsüm: 24-25 yaşlarında sifahi bir qadındır. Vedrəni quyuya sallayıb, kəndiri tərpədərək vedrəni suyla doldurur. Quyu üstündəki hərləngəci fırlatmağa başlayır. Gülsümün balaca oğlu Kamil də yanındadır. —Ana, ver mən çəkim, — deyə Kamil hərləngəcin qulpundan yapışır. Var gücünü topalyıb birtəhər hərləngəci fırladır. Növbədəkilər arasında etiraz səsləri ucalır. Dolu vedrə quyunun üstünə çıxır. Gülsüm əlini uzadıb vedrəni götürmək istəyir, birdən… Kamil sanki ilan çalan kimi atılır, hərləngəcin qulpunu buraxır. —Babam gəlib, babam, — deyə yerindən qopub qaçır. Hərləngəc iti sürətlə geri hərlənməyə başlayır, vedrə quyunun daş divarlarına toxuna-toxuna taqqataraq dibə gedir. Kamil bağların arasıyla qaçır. Kərim baba ala qapını taybatay açıb, arabanı həyətə çəkir. Kərim baba qaraqabaq, azdanışan adamdır. Hərəkətində, davranışında zəhimlidir, ağırdır, hisslərini biruzə verən deyil. Bax indi də neçə günlük ayrılıqdan sonra nəvəsi özünü ona tərəf atarkən, halını dəyişmir, azacıq gülümsünən kimi olur, əlini Kamilin başına çəkir və dərhal ondan aralanıb arabanı boşaltmağa başlayır. (Qocanın səciyyəvi bir hərəkəti var. Bu hərəkət diqqətimizi çəkməlidir. Çünki sonralar biz həmin hərəkəti Kərim babanın oğlunda, nəvəsində və nəticəsində görəcəyik). Gülsüm onlara yanaşır. Kərim babanı görüb vedrəni yerə qoyur, kəlağayısını düzəldir. 5 —Xoş gəlmisən, — deyir, — ürəyimə dammışdı ki, bu gün gələcəksən. Yuxum çin çıxdı… …Kamil dar tozlu küçələrlə qaçır. Sahilə çatmır. Qarşıdan gələn balıqçıları görüb dayanır. Balıqçılar görünür dənizdən yenicə çıxmışlar. Əllərində balıqla dolu zənbillər var. İki cavanın çiyinlərində tor var. Balıqçılardan biri Kamilin atası Əlidir. Kamil ona tərəf atılır. —Babam gəlib. Əli və Kamil evə tərəf gedirlər. Kamil: —Ağac gətirib? —Hə. Neyləyəcək onları? —Torpağa basdıracaq. —Niyə? —Necə niyə? Böyüyüb qol-budaq atacaq, almasını yeyəcəyik, kölgəsində oturacağıq. —Bəs haçan böyüyəcəklər? —Yenə sorğu-sual başlandı… Sən böyüyəndə onlar da böyüyəcək. Əliylə Kamil ala qapıdan içəri girirlər, nə görsələr yaxşıdır. Divarın dibində üç alma günəşibi ucalır. İndicə basdırılıbdır. Kərim baba isə yer qazıb dördüncüsünü basdırmağa hazırlaşır. Əli: —Xoş gəlmisən dədə. Kərim baba işindən qalmadan başını tərpədir. Gah onun beldən möhkəm yapışmış kobud əllərini görürük, gah da bellə atılan yumşaq, təzə, tünd torpağı. Əli: —Əşi, yoldan gəlmisən, bir dincini alaydın. Axşam tərəfi köməkləşib bir yerdə basdırardıq. Kərim baba cavab vermədən işinə davam edir. *** Qoca işini dayandırır, nəfəsini dərir, tərini silir. Diqqətlə ona baxan Kamilə nəzər salır. Beli bir kənara qoyur. Ağacı götürüb səliqə ilə çuxura salır. (Kamilə) —Saxla bunu, ancaq düz tut. Kamil tam bir məsuliyyətlə ağacı möhkəm və düz tutur. Kərim baba çuxura torpaq tökür. 6 Kərim: —Yaxşı. Burax. Eyvanda Gülsüm, Əli gətirən zənbilin örtüyünü qaldırır. Təəccüblə: —Dədəm vay, gör nə boyda balıqdır. Kamil, ədə gəl buna bax. Əli: —Kişi özünə iş tapıbdı. Əşi bu şoqərib torpaqda şey bitər? Ondansa meynələrə yaxşı qulluq eləyəydi. Gülsüm: —(Qışqırır) — Kamil, ay Kamil, gəl bir gör dədən nə boyda balıq gətirib. Kamil: —(Ağacı tutub) İstəmirəm. Gülsümlə Əli bir-birinə baxırlar. Kərim vedrəni götürüb quyuya tərəf gedir. Əli: —Dədə, bir səbrin olsun da. Bu saat çörəyimi yeyim, su gətirirəm. Kərim cavab vermir. Əli: —Ay tələsir ha. Kərim birinci ağaca su tökür. Kamil diqqətlə baxır, sonra soruşur: —Baba, niyə su tökürsən? Kərim cavab vermir. İkinci vedrəni götürüb ikinci ağaca yaxınlaşır. Kərim: —Sən yeyirsən, içirsən? Ağac da belə… Azər: —Ağac da su içir? Bəs ağac nə yeyir? Kərim: —Bax bu torpağı yeyir ağac. Kökləri torpağın şirəsini çəkir canına. Bildin? —Hə, mən də böyüyəndə ağac əkəcəm. Əli: —(Onlara yanaşır) — Ə, nə hərdəmxəyalsan. Bəs deyirdin balıqçı olacağam. Kişinin sözü bir olar. Kərim: 7 —Yoxsa sənin sözün yaman bir oldu. Sən də əvvəl çox şey deyirdin. Bağa baxmaq istəyirdin. Sonra dəniz səni elə çəkib apardı ki, heç özün də bilmədin. Əli: —Naşükür olma, dədə. Bizi saxlayan dənizdir. Bu quru torpaqdan dolanmaq olar? Qurban olum dənizə. Çörəyi mənə o verir. Kərim: —Verir, verir, bəli. Amma sən dənizin namərdliyini hələ görməmisən. Bütün verdiklərini bir gün adamın burnundan elə tökür ki… Yox, pis-yaxşı nə varsa, bax, bu torpaqdadır. Qazır. *** Kərim baba eyvanda həsir üstündə uzanıb. O biri tərəfdən evə nərdivan dirənib. Evin damında görünür nə isə tikiləcək. Daşlar sıra ilə düzülüb. Aşağıda Əli palçıq hazırlayıb. Kamil indi buradadır. Atasının işinə baxır. Əli torpağı təpə kimi yığıb ortadakı çuxura vedrədən su tökür, bellə qarışdırır. Kamil: —Sən neynirsən? —Palçıq düzəldirəm. —Niyə? —Bura bax, gəl şərt kəsək… Neçə sual verəcəksən? Kamil: —(Barmaqlarını bir-bir yumur). Bir… iki… üç.. yüz. —Yaxşı birini verdin. Qaldı qalanı. Mən palçıq düzəldirəm. Damda eyvan tikirəm. —Niyə? —Niyə? Yenə niyə? Onun üçün ki, oturaq orda… Ora əntiqə sərin olacaq… Yel vurub yengələr oynayacaq. Ordan dəniz görünəcək… Dənizə baxacağıq. —Niyə dənizə baxacağıq? —Əşi, necə yəni niyə? — Kamili götürüb başı üzərinə qaldırır. — Bax, o yana bax. Dənizi görürsən. Uzağa bax e… Lap uzağa. Gördün? —He, he… Odey… Dənizin müsiqi teması. —Hə, görürsən nə gözəldir. İndi düş görüm. (Kamili yerə qoyur). 8 Bax, sən dənizi gördün. Amma burdan görünmür. Eyvan olanda hamımız qalxacağıq ora… Dənizi görəcəyik. Gülsüm: —Kamil, bala get bu çayniki doldur. (Əliyə) Bir dincini alaydın, dənizdən təzə gəlmisən. Yorğunsan. Sən də lap atan kimisən, vallah. Əli: —Yox, yorulmamışam. …Kamil quyu başında. Bir qədər kənarda Ağca xalanın eyvanı görünür. Ağca xala eyvanda oturub yuxa bişirir. Kamil maraqla ona baxır. Ağca xalanın qabağındakı taxtaların üstündə un var. Un təpəciyinin ortasındakı çuxura su tökür. Qarışdırır. Xəmir düzəldir. Kamil bu işin atasının gördüyü işlə oxşarlığına mat-məəttəl qalır. —Ağca nənə, nədi bu belə. —Xəmirdir, ay bala. Yuxa bişirəcəyəm. Bir azdan gəl yeyərsən. Kamil dolu çayniki anasına gətirir. Əli torpaqdan yeni təpəcik düzəldir. Kamil: —Dədə, bəs bundan yuxa bişirmək olar? Əli: —Başın xarab olub. Torpaqdan yuxa bişirmək olar? —Bəs Ağca nənə bişirir. Dedi ki, xəmirdir. İndi yuxa bişirəcəyəm. Gəl sənə də verim. —Xəmiri undan düzəldirlər. Bu, torpaqdır. Kamil: —Hə… bəs unu nədən düzəldirlər? —Unu? Buğdadan. —Bəs buğdanı? —Buğdanı? Buğda torpaqda bitir. —Torpaqda. Görürsən, bəs sən deyirsən torpaqdan olmaz. —Yaxşı, bəsdir, qurtar. Kamil atasının işini müşahidə edir. Kərim baba yuxuya gedib. Gülsüm pəncərələri yuyur. Əski ilə sol tərəfdəki pəncərəni silir. Pəncərənin şüşəsi tərtəmiz hamardır. Gülsüm həvəslə, cəldliklə işləyir. Bu dinamik kadrlarda kontrast təşkil eləyərək ekrana gecə çökür. Sakit, ulduzlu gecə. Hər yan yuxuya qərq olub. Sükut. Səssizliyi yalnız ilbizlərin səsi və dənizin çox uzaq uğultusu pozur. 9 Meynələr yatır, torpaq yatır. Quyu yatıb, hərləngəc fırlanmır. Yüngül meh onu bir balaca cırıldadır. Əlinin tikdiyi yuxarı eyvanın daşları yatıb. Divarlar, hasarlar, ev yatıb. Ulduzları əks edən pəncərələr yatıb, qapılar yatıb. Şümal alma tinlikləri yüngül mehdə zərif-zərif titrəyir. Otaqda Gülsüm yatıb. Eyvanda həsir üstündə Kərim baba, Əli, Kamil yatıb. Meynə yarpaqları yüngülcə tərpənir. Ayın gümüşü işığında narın qumlar sanki ürpərir. Qəfil şiddətli külək zərblə sol tərəfdəki pəncərəni taybatay açır, pəncərəni divara çırpır. Şüşə çingilti ilə çilik-çilik sınıb yerə tökülür. Külək qumları göyə sovurur. Meynələri silkələyir. Külək alma ağaclarını da tərpədir. Qum yeri, göyü tutur. Dənizin uğultusu küləyin səsinə qarışır. Quyu üstündəki hərləngəc sürətlə fırlanır. Alma ağacı get-gedə daha çox əsir. …Sakit, aydın bir səhər. Göy üzü açıqdır, təmizdir. Küləkdən əsər-əlamət yoxdur. Səma fonunda Kamilin, Əlinin, Kərimin sifətləri. Fikirli, qayğılıdırlar. Tam bir sükut, səssizlik. Kamera onların donmuş baxışlarının istiqamətini götürür və biz küləyin sındırıb yerə atdığı alma ağacını görürük. Hər üçü elə bil meyid yanında durublar. …Kərim baba bir söz belə demədən vedrəni götürüb, su dalınca gedir… Sükut içində ağacları sulayır… Qarğıları bir-birinə çatıb dayaq düzəldir. Dayaqları ağacların yanında basdırır. Ağaclarla dayaqları bərk-bərk bir-birinə bağlayır… Daha küləklər onlara bir şey edə bilməz. Kərim baba ağacların dibini belləyir. Peyin tökür. Bir-birini haqlayan kadrlarda Kamillə birlikdə biz də Kərim babanın ağır, çətin mübarizəsini — bu ağaclar uğrunda mübarizəsini müşahidə edirik. Ağacların düşmənləri güclüdür, çoxdur — quraqlıq, bürkü, isti, külək, soyuq. Bu mübarizədə Kərim baba məğlubiyyətlərə düçar olur. Ağaclar quruyub əldən gedir. Kərim baba quruyub zay olmuş iki ağacı dərin kədər içində torpaqdan çıxarıb atır. Bürkü bir gün. Qızmar günəş. 10